Çox kövrək “keçid mərhələsi”| Suriyada Türkiyənin tələbləri yerinə yetirilir

2025/03/1741941275.jpg
Oxunub: 967     17:33     14 Mart 2025    
Martın 11-də, Ciddədə Amerika-Ukrayna, Qətərin paytaxtı Dohada isə İsrail-Fələstin danışıqlarının getdiyi eyni gündə, Dəməşqdə Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şaraa Suriyanın şimal-şərq bölgəsindəki YPG silahlı qruplaşmalarının komandiri Mazlum Abdini qəbul edib, tərəflər səkkiz maddədən ibarət saziş imzalayıblar.

Bu sənədin təfərrüatları məlum deyil. Şərhçilər tərəflərin atəşkəsin qurulması barədə razılığa gəldiklərini vurğulayırlar. Məlumata görə, YPG silahlı qruplaşmaları cari ilin sonunadək Suriya təhlükəsizlik qüvvələrinə inteqrasiya olunacaq, Dəməşq mərkəzi hökuməti regionun neft-qaz yataqlarına nəzarəti ələ keçirəcək, şimalda dövlət hakimiyyəti orqanları formalaşdırılacaq.

Əl-Şaraa-Mazlum Abdi sazişinə Türkiyə tərəfinin reaksiyaları son dərəcə ehtiyatlı və şərtlidir. YPG qruplaşmaları məsələsinə toxunan Ankara bildirib: “Nə dövlət içində dövlət, nə də ordu tərkibində ayrıca ordu ola bilməz”. Buradan aydın olur ki, Türkiyə bu sövdələşmədən razıdır.

Məsələ burasındadır ki, Ankara PKK terror təşkilatının ləğvi və bütün hərbiləşdirilmiş strukturların tərksilah edilməsi məsələsini irəli sürüb. Ankara, həmçinin, təkid edir ki, tələb bütün regiona, o cümlədən Suriyaya aiddir. Mətbuatda məlumat yayılıb ki, Ərdoğan Suriya hakimiyyətindən ilk növbədə Suriya vətəndaşı olmayan 10 mindən çox kürdü deportasiya etməyi tələb edib. Ankara həmçinin YPG-nin tərksilah edilməsi və təhvil verilmiş silahların nəzarətdə saxlanılması və idarə edilməsi məsələsini qaldırıb.

“Əbədi sülh haqqında” olan Əl-Şaraa-Abdi sazişi bu tələbləri yerinə yetirir: YPG tərksilah olunur və bütün vasitələr Suriya təhlükəsizlik qüvvələrinin inventarına keçir. Əlbəttə, YPG silahlılarının inteqrasiyası Suriya Müdafiə Nazirliyinin əmrlərinə tabe olmaq vədi çərçivəsində baş verir, lakin vəziyyət dəyişərsə, bu şərtin qorunacağına kim zəmanət verə bilər?

Belə dolayı narahatlığı Türkiyə Müdafiə Nazirliyinin sözçüsü, kontr-admiral Zeki Aktürk də dilə gətirib. “Biz bu sazişin həyata keçirilməsini həm müsbət, həm də mümkün mənfi nəticələr baxımından diqqətlə izləyəcəyik və yalnız konkret nəticələri qiymətləndirəcəyik”, - o, həftəlik brifinq zamanı bəyan edib və əlavə edib ki, Türkiyənin Suriyadakı hərbi attaşesi yaxın günlərdə ərəb respublikasının müdafiə naziri ilə görüşəcək.

Dəməşq mərkəzi hakimiyyəti ilə YPG arasında əldə edilmiş “əbədi sülh” sazişi Türkiyə üçün son dərəcə vacibdir. PKK-nın ləğv prosesi yubadılır, onlar ömürlük məhkum edilmiş Abdullah Öcalanın həbsdən azad edilməsini, həmçinin “müstəqil siyasi fəaliyyət” üçün zəmanətlər tələb edirlər. Çox kövrək razılaşma istənilən an pozula bilər. Əl-Şəraa-Mazlum Abdi sazişi ilin sonunadək “keçid mərhələsi” müəyyən edir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Türkiyə   Tələb  


Bizi "telegram"da izləyin